Ali-İmran surəsi - Ayə: 65

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 65
Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? (Sizlərdən hər biriniz deyir ki, o bizim dinimizdə olub) halbuki Tövrat da, İncil də yalnız ondan sonra nazil olmuşdur! Heç düşünmürsünüz?!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 65. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 65 MÖHSÜN QƏRAƏTİ.

"Ey kitab əhli! Nə üçün İbrahim haqqında höcətləşirsiniz? (Hər biriniz onu öz dininizdən sayırsınız?) Halbuki Tövrat və İncil ondan sonra nazil olmuşdur. Nə üçün düşünmürsünüz?”
Nöqtələr
Həm yəhudilər, həm də məsihilər İbrahimi öz dinlərinə aid edirdilər. Bu mübahisələr o qədər qızışmışdı ki, Quran növbəti iki ayədə bu məsələyə münasibətini açıqladı. Ayə onların iddialarını rədd edərək bildirir: İbrahim onun vaxtında nazil olmamış bir kitaba necə tabe ola bilərdi?! Axı o, Tövrat və İncildən qabaq olmuşdur. Heç olmasa dediklərinizi tarixlə tutuşdurun.
Bildirişlər
1. Moizə zamanı qarşı tərəfin sabit ləqəblərindən və əqidə ünvanlarından istifadə edin.
2. Elm və kitab elə bir dəyərə malikdir ki, ona yaxın olanlar da möhtərəm sayılır. Kitab əhli, qələm əhli, elm əhli bu qəbildəndir.
3. Öz mövqeyinizi sübuta yetirmək üçün böyük şəxsiyyətləri özünüzə aid etməyə çalışmayın. Şəxsiyyətləri özünüzə aid etmək əvəzində onların yoluna tabe olun.
4. Öz iddialarınızı məniq, fitrət və tarixlə sübuta yetirin.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.