Əl-Bəqərə surəsi - Ayə: 165

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 165
İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan və cinlərdən) şəriklər seçərək onları Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur. Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını və Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 165. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 165 MÖHSÜN QƏRAƏTİ.

"Xalq arasında bəziləri Allahdan qeyri məbudlar seçir və onları Allahı sevməli olduqları qədər sevirlər. Amma iman sahiblərinin Allaha olan eşqləri daha şiddətlidir. (Bütlərə pərəstiş etməklə) zülm edənlər Allahın əzabını müşahidə etdikləri vaxt biləcəklər ki, bütün güclər Allahın əlindədir və Onun əzabı şiddətlidir.”
Nöqtələr
İmam Baqir (ə) buyurmuşdur: "Bu ayədəki "dunillah” və "əndad” sözləri bütləri bildirmir. Bu iki söz xalqın Allah kimi sevdiyi sitəmkar və azğınlara işarədir.”("Bihar”, c. 27, s. 184. )Ədəbi baxımdan "yuhibbunəhum” sözündəki "hum” hissəsi əşya yox, insanı bildirir.
Kamal və camal sevgisi məhəbbətin köküdür. Möminlər bütün kamillik və gözəllikləri Allahdan görürlər. Ona görə də ən böyük eşqləri Ona ünvanlanmışdır. Möminlərin eşq və məhəbbəti məşuqun ləyaqətinə əsaslanır. Bu eşq heç vaxt soyumur, sönükmür. Müşriklərin eşqi isə xəyala, cəhalətə, təqlidə və boş istəklərə əsaslanır.
Bildirişlər
1.Allahdan qeyrisinə pərəstiş və məhəbbət qadağandır.
2. Hisslər etiqadlarla bağlı olmalıdır.
3. Bəziləri nə qədər ki, pərdələr qaldırılmayıb və qiyaməti müşahidə etmirlər, öz yol və düşüncələrinin puçluğunu anlamırlar.
4. Ətrafı cəzb etməkdə qüdrət və güc təsirli amildir. Belədirsə, Allahdan qeyrisinə meyl etməyin.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.