Əl-Bəqərə surəsi - Ayə: 3

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 3
O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Açar Sözlər

Qeybə inananlar

Əl-Bəqərə surəsi 3. Ayənin Təfsirləri

NUR TƏFSİRİ : Bəqərə surəsi 3-cü ci ayə MÖHSÜN QƏRAƏTİ.

3. الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

"Müttəqilər o kəslərdir ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən infaq edirlər.”

Nöqtələr

Quran varlığı iki qismə bölür: qeyb aləmi (qeyb Allaha, mələklərə, məada və həzrət Mehdiyə (ə) aid edilir) və görünən (şühud) aləm. Müttəqilər (pəhrizkarlar) bütün varlığa inanırlar. Başqaları isə yalnız hiss üzvləri ilə duyduqlarını qəbul edirlər. Hətta onlar Allahı gözlə görmək istəyirlər. Onu görə bilmədiklərindən iman gətirmək istəmirlər. Necə ki, bəziləri həzrət Musaya dedilər: "Biz Allahı aşkar görməyincə sənə iman gətirmərik.”("Bəqərə”, 55.)
Belələri qiyamət haqqında deyirlər: "Bizim yaşadığımız bu dünyadan savayı bir dünya yoxdur. Ölürük, dirilirik. Bizi fəna edən bu dövrandır.”("Casiyə”, 24. )
Belə fərdlər heyvanlıq səviyyəsindən qalxmamışlar və yalnız hiss üzvlərini tanıma yolu bilirlər. Onlar hər şeyi hiss üzvləri vasitəsi ilə dərk etmək istəyirlər.
Müttəqilər qeyb aləminə inanırlar və qəbul edirlər ki, qeyb aləmi bu aləmdən daha üstün və genişdir. İmanın dərinliyində eşq, bağlılıq, təzim, şükür gizlənmişdir. Elmin isə belə səciyyələri yoxdur.

Bildirişlər

1. İman əməldən ayrı deyil. Qeybə imanla yanaşı, möminlərin əməli vəzifələri sadalanır. ("Yuminun... yuqimun.. yunfiqun”)
2. İlahi dünyagörüşün əsas prinsipi varlığı yalnız hiss üzvlərinə aid etməməkdir. ("Yuminunə bil-ğəyb”)
3. İmandan sonra ən mühüm əməl namaz və infaqdır. Allaha doğru hərəkətdə olan ilahi cəmiyyətdə ruhi və mənəvi problemlər namaz vasitəsi ilə öz həllini tapır. İqtisadi çətinliklər və bu çətinlikdən yaranan müşküllər infaq vasitəsi ilə aradan qaldırılır.
4. Namaz fasiləli yox, ardıcıl yerinə yetirilməlidir. ("Yuqimunəs-səlat”)
5. İnfaqda da orta həddi gözləmək lazımdır. ("Mimma rəzəqnahum”) Söhbət verilmiş ruzinin bir hissəsinin infaq olunmasından gedir.
6. Allahın əta etdiyi hər şeydən – elmdən, hörmətdən, sərvətdən, gücdən başqalarına infaq edək. İmam Sadiq (ə) buyurur: "Onlara öyrətdiyimizi cəmiyyətdə yayarlar.”("Bihar”, c. 2, s. 17. )
7. İnfaq halal maldan olmalıdır. Çünki Allah hər kəsin ruzisini halaldan müəyyənləşdirmişdir.
8. İnfaq etməklə lovğalanmayaq. Əgər bütün nemətlərin Allah tərəfindən olduğuna inansaq, həmin nemətlərin bir hissəsini asanlıqla infaq edərik.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.