"Ey iman gətirənlər! (Çətinliklər və nəfs istəkləri qarşısında) səbirli olun, (düşmənlər qarşısında) möhkəm dayanın (başqalarını da səbrə dəvət edin), sərhədləri qoruyun və Allahdan çəkinin. Bəlkə nicat tapasınız.”
Bu ayə müxtəlif hadisələr və müsibətlər qarşısında səbir göstərməyi tövsiyə edir.
İlk mərhələdə şəxsi problemlər və həvəslər qarşısında səbir edin.
İkinci mərhələdə kafirlərin təzyiqlərinə qarşı daha ciddi müqavimət göstərin.
Üçüncü mərhələdə elmi mübahisələr vasitəsi ilə etiqad sərhədlərini qoruyun, qəlbləri də vəsvəsələrin hücumundan hifz etməyə çalışın.
"Rabitu” sözü "ribat” kökündən olub, «bir şeyi bir yerə bağlamaq» mənasını bildirir. Karvansaraya da bu dəlilə əsasən «ribat» deyirlər. Karvanlar həmin yerdə dayanıb, öz ticarət mallarını və miniklərini orada saxlayırlar. Eləcə də, Allahın lütfünə bağlanmış qəlb ribat adlandırılmışdır. "İrtibat”, "mərbut”, "ribat” sözləri eyni kökdəndir.
Rəvayətdə bildirilir ki, "rabitu” sözü namazın intizarında olmaq mənasını bildirir.("Təfsire-Məcməül-bəyan”. ) Müsəlmanlar sanki öz qəlblərini namazda yaranan bağlılıqla möhkəmləndirirlər.
İmam Sadiq (ə) buyurmuşdur: "Vacib vəzifələrin icrasında və çətinliklər müqabilində səbir edin, rəhbərlərinizin müdafiəsinə qalxın.("Kafi”, c. 2, səh. 81. )
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Gündəlik namazlarınızda möhkəm olun, düşmənlə cihadda fəallıq göstərin, Allah yolunda bir-birinizlə həmahəng olun ki, nicat tapasınız.”("Dürrül-Mənsur”, c. 2, səh. 418. )
1. İman sayəsində kamilliklər əldə edin.
2.Fərdi çətinliklər qarşısında səbir edə bilməsəniz, din düşmənlərinə müqavimət göstərə bilməzsiniz.
3. Düşməndən geri qalmayın. Əgər kafirlər öz küfr yollarınnda müqavimət göstərib, qurban verirlərsə, mallarını xərcləyirlərsə, siz də Allah yolunda canınızla, malınızla möhkəm dayanın.
4. Müsəlmanlar bir-birlərinin müşküllərinə dözməli və bir-birlərini səbrə dəvət etməlidirlər.
5. İslam rabitə dinidir. Xalq, Allah və peyğəmbərlərlə rabitə bu qəbildəndir.
6. Səbir, dözüm və rabitə məqsədli olmalıdır. Təqva və Allahın razılığı yolunda səbir edib rabitə qurun. Başqa yolda kafirlər də bu işləri görür.
7. İslam əhatəli bir dindir. Səbir və təqva sərhədlərə diqqət məsələsi ilə yanaşı bəyan olunmuşdur.
8. Təqva imandan bir mərtəbə yuxarıdır.
9. Səbir səadət və qələbəyə çatmaq zəminəsidir.